Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

CAHİL CƏMİYYƏTİN DİN MÖVZUSUNDAKI BATİL İNANCLARI

 

Cahil cəmiyyət dedikdə, bu insanların böyük əksəriyyətinin Allahın varlığını heç bilmədikləri ya da din əxlaqından xəbərsiz olduqları düşünülməməlidir. Əksinə cahillik əxlaqını yaşayan insanların böyük bir qismi özlərini və bütün kainatı yaradan, üstün güc sahibi Allahın varlığını qəbul edərlər. Ancaq öz səthi məntiqləriylə inkişaf etdirdikləri səhv bir din anlayışları vardır. Quranda bir çox ayə ilə bu insanların Allahın varlığını bildikləri halda düşünmədikləri və həqiqətləri qavraya bilmədikləri xəbər verilmişdir:

 

Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyəcəklər. Onlar necə də haqdan döndərilirlər! (Ənkəbut surəsi, 61)

 

Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!” – deyərlər. Gör necə də haqdan döndərilirlər! (Zuxruf surəsi, 87)

 

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” (Yunis surəsi, 31)

 

Bəhsi keçən insanların Allahın varlığını, hər şeyin yaradıcısı olduğunu bildikləri halda azmaqlarının səbəbi isə, dünyaya qarşı duyduqları şiddətli ehtirasdır. Bu ehtiras səbəbiylə fərqinə vardıqları həqiqətləri gözardı edər və özlərini müxtəlif bəhanələrlə aldadarlar. Əgər bu mövzu haqqında səmimi bir şəkildə düşünsələr, ətraflarındakı nizamı mükəmməl bir şəkildə yaradan Allaha qulluq etmələri lazım olduğunu anlayarlar. Onlar isə belə bir məsuliyyətləri olduğunu gözardı edərək yaşamaq istəyərlər. Əgər Allaha iman etsələr, axirətin varlığını da qavrayacaqlarını və axirət üçün ciddi bir hazırlıq etmələri lazım olduğunu bilərlər. Onlar isə belə bir məsuliyyətləri olduğunu gözardı edərək yaşamaq istəyirlər. Bu da, onların dünyaya olan şiddətli bağlılıqlarından imtina etmələri deməkdir ki, belə bir şeyi də əsla qəbul edə bilməzlər. Məhz cahil cəmiyyətin bu mövzuda sığındığı ağılsız üsul, düşünməmək və guya vicdanlarını rahatlaşdıracaq bəhanələr taparaq açıq şəkildə gördükləri bu həqiqətdən qaçmağa çalışmaqdır.

Bu inkarın meydana gətirdiyi vicdan əzabından xilas olmaq üçün isə din mövzusunda müxtəlif azğın inanclar inkişaf etdirərlər. İrəli sürdükləri məntiqlər boş aldadılmadan başqa bir şey deyil və hamısı bir-birindən olduqca fərqli olmaqla yanaşı, əsasən yalnız tək bir məqsədə istiqamətlidir; Quran əxlaqını yaşamaqdan və Allaha qulluq etməkdən qaçmaq.

Bununla yanaşı, cahil cəmiyyətin din haqqında inkişaf etdirdiyi bu azğın inancların hər biri bundan 1400 il əvvəl Allahın möminlərə rəhbər olaraq endirdiyi Quranda ətraflı izah olunmuşdur. Bu səbəblə, sonrakı səhifələrdə araşdıracağımız bu azğın inanclar, cahil insanı dünyada ikən aldatsa belə, axirətdə qurtara bilməyəcək. O gün hər kəs dünyada ikən Allahın Quranda bildirdiyi doğrulardan məsul tutulacaq və bütün işlədiklərindən sorğuya çəkiləcək. Vicdanının səsinə qulaq asan və imanı nəfsinin ehtiraslarından üstün tutan insanlar sonsuz mükafatla mükafatlandırılacaq. 60-70 illik müvəqqəti bir dünya həyatı uğrunda Allahın göstərdiyi həqiqətlərdən üz çevirib, onları yalan sayanlar isə qarşısı alınmaz peşmançılıqla qarşılaşacaqlar:

 

Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” – dediklərini görəydin! (Ənam surəsi, 27)

 

Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar. (Hicr surəsi, 2)

 

Çoxluğun doğru yolda olduğuna inanarlar

Din əxlaqından uzaq yaşayan insanların həyatlarına hakim olan azğın məntiqlərdən biri, "çoxluq tərəfindən qəbul edilən düşüncənin doğru olduğu" dur. "Bu qədər çox adam belə düşündüyünə və belə yaşadığına görə bir bildikləri vardır" ya da "səhv olsa bu qədər insan bu fikrin arxasından gedərmi?" kimi məntiqlə özlərini aldadarlar. Hələ bir də nümunə götürdükləri çoxluq içərisində özlərinə etibar qazanmış və müəyyən yerlərə gəlmiş kəslər varsa, bu çoxluğu özlərinə rəhbər etməkdən heç çəkinməzlər.

Halbuki, çoxluq tərəfindən tətbiq olunması, edilən bir şeyin qanuni olduğunu göstərməz. Əksinə, Qurana uymayan insanlar üçün bu eyni zamanda da təhlükəli bir tələdir. Ayədə bu sirr möminlərə xəbər verilmiş və çoxluğun arxasından getməmələri mövzusunda xəbardarlıq edilmişlər:

 

Yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və onlar ancaq “zənn və təxminlə” yalan söyləyərlər. (Ənam surəsi, 116)

 

Qurandakı bu xəbərdarlıq əsasında, möminlər çoxluğa deyil, Qurana və vicdanlarına etibar edərlər. Cahil cəmiyyətin fərdləri isə, çoxluğun arxasından gedərək, dünyada onları qoruya biləcək bir güc və axirətdə onları müdafiə edə biləcək məqbul bir bəhanə tapdıqlarını zənn edərlər. Lakin hadisələr heç də ümid etdikləri kimi baş verməz. Dünyada din əxlaqını gözardı edən çoxluq, axirətdə onları tək-tənha və köməksiz buraxacaq:

 

(Belə bir gündə) Dost dostunun halını xəbər almayacaq. (Məaric surəsi, 10)

 

Və insan bəhanələrini önə sürüb, "hər kəs belə idi" ya da "çoxluğun doğru yolda olduğunu sandım, çoxluğa uydum" dediyində, bunların heç bir etibarlılığı olmadığını görəcək:

 

Həmin gün zalımlara bəhanələri fayda verməyəcək və onlardan tövbə etmələri tələb olunmayacaqdır. (Rum surəsi, 57)

 

Məhz cahil cəmiyyətin din mövzusunda ölçü aldığı bu azğın məntiqin, nə dünyada, nə də axirətdə heç bir etibarlılığı yoxdur. "... Ancaq insanların çoxu iman etməzlər" (Rad surəsi, 1) ayəsiylə çoxluğun doğru yolda olmayacağı, əksinə doğru yolda olanların tarix boyunca hər dövrdə az olan birlikdən meydana gəldiyi xəbər verilmişdir.

  

Öldükdən sonra yox olacaqlarına inanarlar

Cahil insanlar, böyük bir cəhalətlə, var olan hər şeyin bu dünyada gözləriylə görə bildikləri, əlləriylə tuta bildikləri və hiss edə bildikləri maddədən ibarət olduğunu zənn edərlər. Bu səbəblə də, dünyadakı həyatları sona çatdıqdan sonra bir daha yaşamayacaqlarına özlərini razı salarlar. Əslində bu onların küfrləri üçün irəli sürdükləri bəhanədən başqa bir şey deyil. Çünki düşünən hər insanın qavraya bildiyi kimi, axirətin yaradılması ilə dünyanın yaradılması arasında heç bir fərq yoxdur. Necə özləri heç ikən yoxluqdan var edildilərsə, bunlara güc yetirən Allah, şübhəsiz ki, bunun bir bənzərini yaratmağa qadirdir.

Ancaq cahillik inancında israrlı olan kəslər, son dərəcə açıq olan bu həqiqəti görmək və anlamaq istəməzlər. Quranda onların bu müqavimətləri üçün qarşıya qoyduqları bəhanələr belə ifadə edilmişdir:

 

Öz yaradılışını unudaraq bizə bir nümunə verdi; dedi ki: "Çürümüş sümükləri kim dirildə bilər?" De ki: "Onları, ilk dəfə yaradıb-inşa edən dirildəcək. O, hər bir məxluqu bilir." (Yasin surəsi, 78-79)

 

Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. (Səcdə surəsi, 10)

 

Əlbəttə, belə açıq bir həqiqəti inkar etmələrinin səbəbi aydındır: Axirətin varlığını inkar edincə, dünyaya bu dərəcə ehtirasla bağlanmanın guya məqbul olduğunu özlərinə görə daha rahat müdafiə edəcəklər. Dünyaya hərisliklə bağlı, axirətdən qafil bir həyat sürəcəklər. Ölümdən sonra diriləcəklərini qəbul etmək, eyni zamanda dünyada etdikləri yaxşılıqlardan və pisliklərdən hesaba çəkiləcəkləri deməkdir ki, bu həqiqət onların qurmuş olduğu bütün batil sistemi alt-üst edər.

Axirətin varlığını təsdiq edən bir insan, axirət həyatı üçün də hazırlıq etməsinin vacib olduğunu bilir. Cahil insanlar isə, həyat mövzusunda o qədər hirslidirlər ki, belə bir həqiqəti heç vaxt qəbul etməzlər. Məhz öz səthi məntiqləriylə buna guya həll yolu olaraq, axirəti tamamilə rədd etmək cahilliyinə qapılmışlar. Ancaq bu onlara itkidən başqa heçnə verməz; üstəlik bu cahil inancları səbəbiylə həm dünyada sıxıntılı bir həyat sürərlər, həm də bu səhvlərini tövbə edib dəyişdirmədikləri təqdirdə, axirətdə sonsuz bir əzaba məhkum olarlar. Bu vəziyyətdə ölümdən sonra həyat olduğunu inkar etmənin insana sanıldığı kimi qazanc deyil, yalnız itki gətirəcəyi son dərəcə açıqdır.

 

İman etmək üçün möcüzə görmələrinin lazım olduğuna inanarlar

Bəzi insanların din haqqında irəli sürdükləri azğın inanclardan biri də, iman etmək üçün fövqəltəbii bir hadisə görmələri lazım olduğudur. Cahil cəmiyyətdə çox insanın önə sürdüyü bu möcüzə axtarışı, yalnız bir qaçışdan ibarətdir və bu, tarix boyunca inkarda müqavimət göstərən hər birlik tərəfindən ortaya atılmış yalnış bir bəhanədir. Quranda bu insanların cahil şəkildə tələb etdikləri möcüzələrdən bəziləri belə sıralanmışdır:

 

Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?”... (Furqan surəsi, 21)

 

Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi. Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik; və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi göndərilmiş bir insanam”. (İsra surəsi, 89-93)

 

"Cahillər dedilər ki:" Allah bizimlə də danışaydı və ya bizə də bir ayə gələydi! "Onlardan əvvəlkilər də onların bu söylədiklərinin bənzərini söyləmişlər. Qəlbləri bir-birinə göründü. Biz, yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik. (Bəqərə surəsi, 118)

 

Göründüyü kimi, tarix boyunca Allahdan və Onun elçilərindən möcüzə tələb edənlər yalnız inkarçılar olmuşdur. Möcüzə istəyirlər, çünki qarşılarındakı elçinin özlərinə doğrunu gətirdiyini bilirlər. Amma öz axmaq ağıllarıyla inkar edə bilmək ya da başqa bir sözlə inanmamaq üçün bəhanə axtarırlar. Quranda onların bu tələblərinin səmimiyyətsiz olduğu belə xəbər verilmişdir:

 

Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan biləsiniz ki, o ayələr gəldikdə onlar yenə də iman gətirməyəcəklər?” (Ənam surəsi, 109)

 

Allahın hər yeri əhatə etdiyini qavraya bilməzlər

Cahil insanların din əxlaqı mövzusunda qapıldıqları azğın inanclar olduqca çoxdur. Çünki onlar doğrularını və səhvlərini Qurana görə deyil, öz səthi məntiqlərinə görə təyin edərlər. Bu da bir çox mövzuda yanılmalarına səbəb olur. Əldə etdikləri məlumatları ya özlərini yetişdirən böyüklərinin xətalarına, ya da ətraflarındakı insanların səhv məntiqlərinə görə təyin etmiş və azğın bir məntiq irəli sürmüşlər. Məhz bu yanlış məntiqlərdən biri də, Allahın varlığı haqqındakı batil inanclarıdır.

Cahillik məntiqini alan insanlardan bəziləri, Allaha qarşı səthi də olsa bir inanc bəsləyərlər. Ancaq bu inancları elə zəifdir ki, həyatları boyunca Allahın varlığını ağıllarına gətirmək istəməz və düşünməkdən çəkinərlər. Çünki əgər Allahı düşünsələr, vicdanlarının Rəbbimizin üstünlüyünü və hakimiyyətini qəbul edəcəklərini bilirlər. Məhz bu səbəblə, Allahı Quranda izah edildiyi şəkildə tanıya və qüdrətini təqdir edə bilməzlər. Bunun əvəzinə, Allahı öz məhdud ağıllarına görə qiymətləndirmə ağılsızlığına qapılar və çox sayda batil və yanlış inancı inkişaf etdirərlər. Allahın hər yeri əhatə etdiyini, hər şeyi bilən və görən olduğunu, heç bir şeyin Uca Allahdan gizli qala bilməyəcəyini, Allahın sonsuz qüdrət və güc sahibi olduğunu, ədalətli olduğunu, hər şeyin qarşılığını tam olaraq verən olduğunu qavraya bilməzlər. Bu səbəblə də, öz aləmlərində etdiklərinin gizli qalacağını, lazım olan qarşılığı almayacaqlarını zənn edib yanılarlar.

Halbuki, Allah haqq olaraq nazil etdiyi Quranda qullarına özünü tanıtmışdır. Quranı özlərinə ölçü alan möminlər Allahın Zatı haqqında doğru və qəti məlumatlar əldə edərlər. Quranda Allahın bütün kainatı əhatə etdiyini, bütün varlıqları nəzarəti altında tutduğu açıq şəkildə bildirilmişdir. Allah gözlə görülməyən bir toz zərrəciyi qədər yaradılmış olan bütün varlıqların tək sahibi və tək hakimidir. Əzəldən əbədiyyətə qədər var olan tək varlıq Allahdır. Onun Zatı xaricində hər kəs fanidir. Allah hər varlığın qədərini təyin edər və hər birini anbaan qoruyub mühafizə edər. Bir ayədə Allah insanlara, "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından daha yaxınıq" deyə bildirərək, onlara, içlərindəki damarlardan daha yaxın olduğunu xəbər vermişdir. (Qaf surəsi, 16) Bu ayədən də aydın olduğu kimi insan həyatını davam etdirərkən ona ən yaxın olan varlıq yalnız Allahın Özüdür. Allah insanı əhatə etmişdir və ona "sonsuz yaxın" dır. Quranın bir çox ayəsində Allahın bizim gördüyümüz və görmədiyimiz hər yerdə olduğu, hər yeri əhatə etdiyi açıqlanmışdır:

 

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 115)

 

Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah, hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

 

 

ALLAH HƏR YERDƏDİR

 

İnsanlardan bəziləri özlərini, maddəni, ətraflarında gördükləri dünyanı mütləq varlıq zənn edərlər. Allahı isə (Allahı tənzih edirik) bu mütləq maddəni əhatə edən bir xəyal kimi düşünürlər. Və ya, Allahı gözləri ilə görə bilmədikləri üçün, "hər halda Allah bizim görə bilməyəcəyimiz bir yerdə, kosmosun və ya göylərin uzaq bir yerində var" deyirlər. (Allahı tənzih edirik) Bunların hamısı böyük bir yanılmadır.

Çünki Allah, yalnız göylərdə deyil, hər yerdədir. Allah, tək mütləq varlıq olaraq, bütün kainatı, bütün insanları, yerləri, göyləri, hər yeri əhatə etmişdir və Allah bütün kainatda təcəlli edir. Hədislərdə rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.v), Allahın göydə olduğunu söyləyən bir şəxsə doğru söylədiyini bildirmişdir. Ancaq bu rəvayət, Allahın hər yerdə olduğu həqiqətiylə heç bir şəkildə ziddiyyət təşkil etmir. Çünki, dünyanın sizin olduğunuz nöqtəsindəki bir adam əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, Cənub Qütbündə bir başqa insan da eyni şəkildə Allaha yönəlsə, Şimal Qütbündə bir insan əllərini göyə qaldırsa, Yaponiyadakı bir insan, Amerikadakı bir insan, Ekvatordakı bir insan da eyni şəkildə əllərini göyə qaldıraraq Allaha yönəlsə, bu vəziyyətdə hər hansı bir sabit istiqamətdən söz etmək mümkün deyil. Eyni şəkildə kainatın və kosmosun fərqli nöqtələrindəki cinlər, mələklər, şeytanlar da göyə doğru dua etsə hər hansı bir sabit göydən və ya istiqamətdən söz etmək mümkün olmayacaq, bütün kainatı əhatə edən bir vəziyyət olacaq.

Bunu da unutmamaq lazımdır ki, Allah zamandan və məkandan münəzzəhdir. Allahın Zatı başqadır. Allahın təcəlliləri isə hər yerdədir. Bir adam bir otağa girsə burada Allah yox desə, Allahı inkar etmiş olar. Allahın təcəlliləri o otaq da daxil olmaqla hər yerdədir. Siz hər harasa yönəlsəniz, Allahın təcəllisi oradadır. Allahın hər yeri əhatə etdiyi, bizə şah damarımızdan yaxın olduğu, hər harasa yönəlsək, Allahın üzünü görəcəyimiz bir çox Quran ayəsi ilə bildirilmişdir. Məsələn, Allah Bəqərə surəsinin 255-ci ayəsində "... Onun kürsüsü, bütün göyləri və yeri örtüb-əhatə etmişdir ...." deyə bildirir. Hud surəsinin 92-ci ayəsində isə, "... Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir." deyilərək, Allahın insanları da, etdiklərini də əhatə etdiyi bildirilir.

 

Mövzuyla əlaqədar bəzi Quran ayələri

 

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 115)

 

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

 

Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir” – demişdik. Meracda sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır. (İsra surəsi, 60)

 

Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək. Allah onları hesablamış və bir-bir saymışdır. (Məryəm surəsi, 93-94)

 

Allah onları arxadan əhatə etmişdir. (Büruc surəsi, 20)

 

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 16)

 

Onlar öz günahlarını insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)

 

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

 

İbadətləri yalnız yaşlılıqda tətbiq etməyin kafi olacağı yanılmasına inanarlar

İnsanların çoxu müvəqqəti mənfəətlər əldə etmək uğruna axirət mənfəətlərini gözardı edərlər. Həqiqəti fərq etmiş olduqları halda üz çevirmənin verdiyi vicdan əzabı onları zaman-zaman da olsa, etdiklərindən sorğulamağa təhrik edər. Məhz bu mövzuda ortaya atdıqları bəhanələri isə, "hələ din əxlaqını yaşamaq üçün çox erkən olduğu, daha çox gənc olduqları" yanlmasıdır. Özlərinə görə vicdanlarını rahatlaşdırmaq üçün özlərinə "bir gün din əxlaqının əsaslarını mütləq tətbiq edəcəyi" təlqinini edərlər. Burada bəhs etdikləri "bir gün" isə ölümün yaxınlaşdığını hiss etdikləri "yaşlılıq" dövrüdür.

Din əxlaqını yaşamağı yaşlılıq dövrünə təxirə salarlar, çünki bu insanların çoxu, özlərinə görə gənckən "həyatın dadını çıxarmaq" arzusu içindədirlər. "Həyatlarının baharında olduqlarını" düşünür və əgər o yaşlarda din əxlaqını yaşamağı qəbul etsələr, öz zəif ağıllarına görə "gəncliklərinin boşa gedəcəyinə" inanarlar. Halbuki, insanın gəncliyinin əsil boşa getməsi din əxlaqını yaşamamaqla olur. Din əxlaqını səmimi olaraq yaşayanlar isə həm gəncliklərini və sağlam dövrlərini ən səmərəli, ən hüzurlu, ən şən, ən gözəl, ən xoşbəxt şəkildə keçirərlər, həm də Allahın gözəl bir neməti olaraq gəncliklərini çox daha uzun illər mühafizə edərlər. Cahil cəmiyyətin səthi məntiqini yaşayan insanlar isə bu azğın məntiqin gətirdiyi qorxular, mübtəlalar, əxlaq pozuqluqları və stresslər səbəbiylə çox daha sürətli yaşlanıb, çox daha sürətli çöküntüyə uğrayarlar. Üstəlik, heç bir zaman da axtardıqları rahatlığı və hüzuru tapa bilməzlər. Bunlara baxmayaraq, cahil insanların böyük qisminin din əxlaqını qocalanda yaşamaq lazım olduğu şəklindəki yanılmalarının təməlində, necə olsa, müəyyən bir yaşdan sonra təbii olaraq, fiziki imkansızlıqlarından ötrü dünyadan əllərini, ətəklərini çəkəcəkləri düşüncəsi vardır. Möminlər isə Allahın razılığını qazanmaq, Ona yaxınlaşmaq, Rəbbimizə olan itaətini və təslimiyyətlərini göstərmək üçün ibadətləri böyük bir fürsət olaraq görər, gənc yaşlarından etibarən huşu içində yerinə yetirərlər. Məsələn, Allahın 5 vaxt olaraq fərz qıldığı namaz ibadətini, digər bütün işlərindən üstün görərlər. Bu mövzuda heç bir bəhanədən söz gedə bilməyəcəyini bildiklərindən, mütləq namazlarını vaxtında və bütün sünnətləriylə birlikdə əskik olmadan yerinə yetirərlər. Bunun qarşılığında da Rəbbimizin razılığını ümid edərlər. Rəsulullahımız (s.ə.v), namaz qılmamağın ya da namaz vaxtını keçirmənin nə qədər təhlükəli olduğunu bir hədisi-şərifində belə bildirmişdir:

İmam Safi ilə Beyhakiyə görə Peyğəmbərimiz (s.ə.v): "Hər hansı bir vaxt namazı qılmadan vaxtını keçirənlər yuvası dağılmış, malını mülkünü əldən qaçırmış kimidirlər." buyurur. (İmam Qəzali - Mükasefetül Kulub - Qəlblərin Kəşfi)

İman edənlər namazlarında olduğu kimi, hicab, oruc, zəkat və digər bütün ibadətlərini eyni dəqiqliklə, gənc yaşlarından etibarən yerinə yetirərlər.

Əlbəttə, hər insan həyatının hər mərhələsində tövbə edib Allaha üz tuta bilər. Doğrunu görüb, təslim olan hər insanı Allah diləsə bağışlayar və cənnətlə mükafatlandırar. Ancaq unutmamaq lazımdır ki, Allah Quranda insanın tövbəsinin hansı şərtlərdə qəbul ediləcəyini də bildirmişdir:

 

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)

 

Yaşlılıqda ya da ölüm yaxınlaşdığında din əxlaqını yaşamalarının kafi olacağı şəklində səhv bir inanca sahib olan insanların, bu ayələr istiqamətində bunları düşünmələri və qorxmaları lazımdır: Həqiqətən vicdanı və şüuru açıq hər insan, Allahın varlığını və gücünü təqdir edə bilirsə, doğruları yerinə yetirməkdə gecikməməlidir. Çünki uzaqda sandığı ölüm, hər an özünə gələ bilər və yaşlılığa çatmadan bir anda axirətə gedə bilər. Və o zaman insan geri dönüşü olmayan peşmanlıqla qarşılaşar. Quranda bir çox ayə ilə insanlara bu xatırlatma edilmişdir:

 

Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qətiyyətlə inandıq!” – deyəndə görəydin! (Səcdə surəsi, 12)

 

Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” – dediklərini görəydin! (Ənam surəsi, 27)

 

"Necə olsa bağışlanarıq" yanılması

İnsanların çoxu, təməldə iman etməməklə yanaşı, axirət həyatının həqiqətən mövcud ola biləcəyinə dair bir şübhə duyarlar. Bu kimi insanlar axirətləri üçün heç bir zaman ciddi olaraq düşünməzlər, ancaq yenə də "əgər varsa" deyə düşünərək özlərinə müxtəlif bəhanələr hazırlayarlar. Çünki öldükdən sonra insanların etdikləri hər şeydən sorğuya çəkiləcəkləri bir axirətlə qarşılaşdıqlarında, çətin vəziyyətdə qalacaqlarını bilirlər. Bu vəziyyətdə ya dünyaya qarşı olan ideallarından imtina edib, Allahın bəyəndiyi qaydalar, əmr və qadağalar istiqamətində həyatlarını davam etdirəcəklər ya da öz zəif ağıllarına görə vicdanlarını rahatlaşdırmaq və qayda tanımadan yaşamanın bir yolunu tapacaqlar.

Vicdanlarını guya rahatlaşdırmaq üçün tapdıqları bəhanə isə "necə olsa bağışlanarıq" yanılmasıdır. Allahın "əsirgəyən və bağışlayan" olduğunu bildikləri üçün, hər nə qədər qüsur və səhv etsələr belə, Allahın tövbəsini qəbul edəcəyini düşünərlər. Özlərinə görə nə qədər nankorluq edirlərsə etsinlər, nə qədər inkar edirlərsə etsinlər, etdikləri unudulacaq və bağışlanacaq. Bununla yanaşı, ətraflarındakı hər kəsin eyni üsula müraciət etməsi də bu kəsləri yanıldan bir başqa ünsürdür. Qarşılarındakı kəslərin "necə olsa Allah bizi bağışlayar" sözü, cahil cəmiyyətin bu yanlış məntiqinə sahib olanların tam axtardıqları saxta dəstəyi təmin edər. Çox düşünmədən bu yanılmanı qəbul edərək həyatlarına davam edərlər. Bəhsi keçən kəslərin bu yanılmaları Quranda belə təsvir edilmişdir:

 

... Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!” – deyirdilər. Onlara buna bənzər mənfəətlər yenə də gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız? (Əraf surəsi, 169)

 

Halbuki, Quranda bildirildiyi kimi, cahil cəmiyyətin irəli sürdüyü bu batil fikrin Allah Qatında və hesab günündə heç bir etibarlılığı yoxdur. Allah sonsuz bağışlayıcı və sonsuz mərhəmətli olandır. Ancaq bu, qüsur işləyən və bunun şüuruna çatdığında da dərhal imtina edən insanlar üçün etibarlı bir vəziyyətdir. Yoxsa qəsdli olaraq bir plan içərisində hərəkət edən və həqiqəti bildiyi halda arxa çevirənlər üçün deyil. Allah Quranda səmimi müsəlmanların rəftarını belə xəbər verir:

 

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir! (Ali İmran surəsi, 135-136)

 

Bütün əxlaq və rəftar əskikliklərinə baxmayaraq, cənnətə gedəcəklərini zənn edərək yanılarlar

Cahil cəmiyyətdə bir çox insan tərəfindən ən çox istifadə edilən guya "vicdanı rahatlaşdırmaq" bəhanələrini biri də, "ürək təmizliyinin kafi olacağı" yanılmasıdır. Cahil insanlar Quran əxlaqını tətbiq etmədikləri halda, ürəklərindəki bu saxta təmizlik səbəbiylə özlərinin cənnətə layiq olduğunu zənn edərlər. Özlərinə görə yaxşı insanlardır və kimsəyə bir zərərləri yoxdur. Bu vəziyyətdə, axirət həyatı ilə qarşılaşdıqlarında da, cənnətə gedəcəklərini sanarlar. Ancaq bu qənaətə haradan gəldikləri soruşulacaq olsa, buna Qurandan heç bir dəlil göstərə bilməzlər. Çünki bu tamamilə özlərinə aid azğın bir inancdan ibarətdir. Quranda onların bu azğın inancları belə ifadə edilmişdir:

 

Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. (Fussilət surəsi, 50)

 

Əlbəttə ki, özlərinə bu şəkildə təsəlli verən insanların səmimi bir imanları yoxdur. Qiyamət gününə belə qəti bir qənaətləri yoxdur. Yalnız qiyamət günüylə qarşı-qarşıya gəldikdə, özlərinə görə vicdanlarını rahatlaşdırmaq üsulu olaraq şüuraltında "cənnətlik olduqlarına inanma" kimi özlərini aldatma psixologiyası formalaşdırmışlar. Belə ikiüzlü bir psixologiya içində, etdikləri pisliklərdən ötrü hesaba çəkiləcəkləri, cəhənnəmə girə biləcəkləri ağıllarına gəldiyində qiyamətin qopmayacağını düşünür, öldükdən sonra məzarda çürüyüb sonsuza qədər yox olacaqları düşüncəsinin dəhşətinə qapılınca isə mütləq dirildilib cənnətə daxil ediləcəklər yanılmasıyla cahil şəkildə özlərini təsəlli edərlər. Allahın cənnət ilə müjdələdiyi qullarında olduğunu xəbər verdiyi müəyyən davranışlar vardır. Ancaq səmimi olan, Allahı çox sevən və Allahdan çox qorxan bir insan cənnətlə müjdələnə bilər. Allahı çox sevən və Ondan çox qorxan bir insanın rəftarı da insanın, Allahın istəklərini tətbiq etdiyindəki həssaslığı ilə özünü göstərər. Allah, Quranda bir çox ayədə ancaq namazı qılan, digər bütün fərzləri yerinə yetirən, çox şükür, çox bağışlanma diləyən, malını və canını Allah yoluna həsr edən, mömin əlamətlərini üzərində daşıyan insanların cənnətə gedəcəyini açıqlamışdır.

Göründüyü kimi, cahil cəmiyyətin nəzərdə tutduğu mənada Quranda "ürək təmizliyi" deyə bir meyar yoxdur. Əlbəttə, iman edənlər yaxşı niyyətli, təmiz əxlaqlı və səmimi insanlardır və Qurana görə möminlər səmimi olmaqla məsuldurlar. Ancaq cahil cəmiyyətin bəhs etdiyi ürək təmizliyi bu mənada bir səmimiyyət deyil. Bu kəslərin ürək təmizliyi deyərkən nəzərdə tutduqları hər cür əxlaq və rəftar pozuqluğunu yaşamasına baxmayaraq, əslində pis niyyəti olmadığı yalanını söyləyən insanların önə sürdüyü etibarsız bəhanədir. Və bu, cahil cəmiyyətin, vicdanını rahatlaşdırmaq və məsuliyyətlərindən qaçmaq üçün irəli sürdüyü boş sözdən ibarətdir. İnsanın özünü müdafiə etmək üçün istifadə etdiyi "ürək təmizliyi" mövzusunda nəyi ölçü aldığı məchuldur. Ölçüləri yenə cahillik ölçüləridir və adamdan adama də dəyişir. Misal olaraq, oğurluq edən bir insan da özünə görə günahsız ola bilər. Çünki ürəyinin son dərəcə təmiz olduğunu və etdiyi bu əxlaqsızlığı da istəyərək deyil, yalnız ehtiyacdan etdiyini düşünə bilər. Amma əlbəttə, bu adam çox səhv məntiq içindədir.

O halda bu nəticəyə gəlmək olar ki: Cahillik sistemi tamamilə saxtakar təməllərə əsaslanır və Qurana görə heç bir etibarlılığı yoxdur. Cənnətə girə bilməyin ölçüsü hər şeydən əvvəl çox səmimi olmaq, Allaha dərin bir imanla bağlanmaq, Allahdan başqa heç kəsdən qorxmamaq, Allahı çox sevmək, Ondan başqa dost və köməkçi olmadığını bilmək və Allahın əmrlərini səmimiyyətlə tətbiq etməkdir. Quranda bu ölçü belə ifadə edilmişdir:

 

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən, Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür. (Qaf surəsi, 31-34)

 

Cəhənnəmə müəyyən sayda insanın girəcəyini zənn edərlər

Cahil insanların qarşıya qoyduqları bir başqa səthi məntiq də vardır: Cəhənnəmin dar və məhdud bir məkan olduğunu və buraya ancaq müəyyən sayda insanın sığa biləcəyini zənn edərlər. Və son dərəcə cahil və azğın məntiqlər çıxararlar. Dünya üzərində əsrlərdir gəlib keçmiş bütün insanların sayıyla müqayisə edərək, bu kütlənin cəhənnəm üçün çox olduğu qənaətinə gələrlər. Bu vəziyyətdə də özlərinə sıra gələnə qədər daha günahkar və daha azğın xarakterli insanların cəhənnəmə qoyulacağını və özlərinin də cənnətə girəcəklərinə inanarlar. Şübhəsiz ki, bu heç bir etibarlılığı olmayan azğın bir məntiqdir və cahil cəmiyyətin ortaya atdığı bu bəhanə əvvəldən axıra qədər səhvdir. Allah sonsuz qüdrət sahibi və örnəksiz yaradandır. Dilədiyi zaman dilədiyi yerdə, istədiyi genişlikdə bir məkan yarada bilər. Bu səbəblə, cəhənnəmin dolması və bəzi insanların sığmadıqları üçün cənnətə qoyulması kimi bir vəziyyət əsla mümkün deyil. Bu yalnız cahillik əxlaqını yaşayan insanların boş və batil sözləridir. Quranda cəhənnəmin məhdud bir məkan olmadığı, əksinə inkar edənlərin sayı nə qədər çox olursa olsun, hamısını alacaq və hətta daha çoxunu belə sığındıracaq qədər geniş bir yer olduğu xəbər verilmişdir:

 

O gün cəhənnəmə deyəcəyik: "Doldunmu?" O da: "Daha çoxu varmı?" deyəcək. (Qaf surəsi, 30)

 

Cəhənnəm nədir, sən bilirsənmi? Nə saxlayar, nə buraxar. Bəşərə dəlicəsinə susamışdır. (Müddəssir surəsi, 27-29)

 

Hər insan həyatı boyunca etdiyi yaxşı və pis bütün işlərdən məsul tutulacaq və axirətdə bu rəftarlarının qarşılığını əskiksiz olaraq görəcək. Bu, Allahın sonsuz və mütləq ədalətinin bir gərəyidir. Bu səbəblə, dünya həyatını Allahdan və Onun əmrlərini tətbiq etməkdən uzaq olaraq keçirən şəxslərin, Allahın diləməsi xaricində tövbə etmədikləri təqdirdə axirətdə hər hansı bir səbəblə cəhənnəm əzabından xilası mümkün deyil. Quranda, Allahın mütləq ədaləti belə açıqlanar:

 

...onlara xurma çərdəyindəki lif qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)

 

O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın Haqq olduğunu biləcəklər. (Nur surəsi, 25)